Hər
bir xalqın milli-mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən amillərdən biri
onun dilidir. Dil hər bir xalqın varlığının ən əsas, bəlkə də yeganə təminatçısıdır.
Azərbaycan xalqının da ana dili onun milli varlığını müəyyən edən başlıca amillərdəndir.
Ana dilimiz xalqın keçdiyi bütün tarixi mərhələdə onunla birgə olmuş, onun
taleyini yaşamışdır. Əsrlər, qərinələrdir ki, xalqımızın əbədiyaşarlığına xidmət
edən ana dilimiz qədim tarixə malik olan, min illərin müxtəlif burulğanlarından
alnıaçıq, üzüağ çixaraq müasir dövrə gəlib çatmış ən böyük sərvətimizdir.
Bu bir faktdır ki, Azərbaycan dilinin dövlət
dili kimi qəbul edilməsi, qorunması və inkişafı Ümummilli liderimiz Heydər
Əliyevin adı ilə bağlıdır. Sovet hakimiyyəti dövründə, xüsusən də XX əsrin 20-60-cı
illərində əhalisinin əksəriyyətinin azərbaycanlılardan ibarət olmasına
baxmayaraq, Respublikamızda Azərbaycan dili hakim bir dil deyildi. Ana
dilimizin inkişaf etdirilməsi və zənginləşdirilməsi qeyri-mümkün idi və dövlət
tərəfindən bu məqsədlə hər hansı bir tədbir də görülmürdü.
1970-ci illərin ortalarından başlayaraq
SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən
gündəmə gətirildi. SSRİ Konstitusiyası qəbul edildikdən sonra milli dillərin
sıxışdırılması prosesi daha da gücləndirildi. Rus dilinin hüquqlarının genişləndirilməsi
ilə əlaqədar “vahid dil” siyasəti daha geniş şəkildə təbliğ olunurdu. Belə bir
şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli və qorxulu
idi. Dil məsələsini yada salıb qabartmaq istəyənlər belə Sibirə sürgün edilir,
təzyiqlərə məruz qalırdı. Hətta milli respublikaların rəhbərləri də ana dili məsələsini
gündəmə gətirməkdə aciz idilər. Bütün bunlara baxmayaraq, o vaxt Azərbaycan
Respublikasının rəhbəri olan Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə,
qətiyyətlə bildirmişdir. Böyük tarixi şəxsiyyət SSRİ Konstitusiyası haqqında
danışarkən öz nitqındə xüsusi olaraq vurğulamışdır ki, Konstitusiya vətəndaşlara
təhsil hüququ vermişdir. Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur.
Bu, əslində Ulu Öndərin ana dilimizin dövlət dili statusunu qorumaq üçün çox cəsarətli
addımıydı. Ulu Öndər yaranmış ağır vəziyyətdə SSRİ-nin o vaxtkı rəhbəri
L.İ.Brejnevlə danışıqdan sonra nəhayət 1978-ci ildə Azərbaycan Respublikasının
Konstitusiya layihəsinin 73 maddəsində Heydər Əliyevin şəxsi təşəbbüsü və istəyi
ilə belə bir cümlə təklif olundu: “Azərbaycan Sovet Sosialist Respublikasının
dövlət dili Azərbaycan dilidir.” Nəticədə Azərbaycan Respublikasının
Konstitusiyası böyük tarixi şəxsiyyət Heydər Əliyevin təklif etdiyi şəkildə qəbul
olundu.
Bəli, bununla da Ümummilli liderimiz Heydər
Əliyev xalqımız üçün ən böyük tarixi xidmətlərindən birini həyata keçirmiş
oldu. Beləliklə də Heydər Əliyev şəxsiyyəti bugünkü müstəqilliyimizə, dövlətçiliyimizə
və xalqımıza müqəddəs Ana dilimizi əbədi əmanət verdi. Biz hər birimiz dilimizi
yad təsirlərdən, ünsürlərdən qoruyaraq gələcək nəslə müstəqilliyimizin,
suverenliyimizin göstəricisi olan bu əmanəti layiqincə çatdırmağa borcluyuq.
Kamil Məhərrəmov,Xocalı rayon Yaloba kənd tam orta məktəbinin tarix müəllimi